Aircargo news
Blog
Azərbaycanda logistika təhsili imkanları
Son bir neçə il ərzində ölkələr arası iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarətin qloballaşması, istehsalın resurs bolluğu və sərfəliliyi olan ölkələrə keçməsi logistika sahəsinin önəmini artırmaqdadır. Artıq həm şirkətlər daxilində logistika departamentləri fəaliyyət göstərməkdə, həm də müstəqil bu fəaliyyətlə məşğul olan şirkətlər və outsource xidmət təminatçıları mövcuddur. Azərbaycanda bu sahənin inkişafında əsas çatışmayan cəhətlərdən biri bu sahə üzrə kadr hazırlığının zəif olması və bu sahənin bir ixtisas kimi uzun illər tədris olunmaması olmuşdur. Məhz buna görə də bu yazımızda Azərbaycanda logistika təhsili imkanları barədə danışacağıq.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə logistika və ticarət sahəsinin təhlilində birinci zəif tərəf kimi logistika sahəsi üzrə ixtisaslı kadr potensialının az olması göstərilir. Ancaq son bir neçə il ərzində həm biznes, həm də akademik sahədə bu istiqamətə maraq artmış, bu tələbi qarşılamaq məqsədi ilə də universitetlər bu istiqamətli ixtisas hazırlığına başlamışlar. Hal-hazırda logistika yönümlü aşağıdakı ixtisaslar Azərbaycan Universitetlərinin bəzilərində tədris olunmaqdadır.
050658 – “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
050623 – “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi”
Bu istiqamətdə kadr hazırlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə yaradılmış BMU-ya 2017/2018-ci tədris ilində Azərbaycanda ilk dəfə “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə bakalavriat səviyyəsində I kursa tələbə qəbulu olub.
Hal-hazırda Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrası tərkibində “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisası üzrə professional kadr hazırlığı həyata keçirilir.
Bu ixtisasda təhsil alan tələbələrə real iş prosesi haqqında məlumat vermək məqsədi ilə BMU ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Abşeron logistika” mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlanıb. Bu müqavilələr müasir bilik və təcrübənin universitetdə istifadəsi, müəllim və tələbələrin qarşı tərəfin müvafiq fəaliyyətlərinə cəlb edilməsi, beynəlxalq təcrübənin nəzərə alınması, innovativ fəaliyyətlərin birgə həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq münasibətlərini müəyyən edir.
BMU-da artıq 2018/2019-cu və 2019/2020-ci tədris illərində “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbələr qəbul edilib. Bu ixtisasın tələbələri I, II və III kurslarda müvəffəqiyyətlə təhsil alırlar. Tədris prosesində ən müasir informasiya texnologiyaları, müasir elmi-praktiki və texniki ədəbiyyat və digər əyani vasitələr istifadə olunur. Tədrisə yüksək ixtisaslı elmi-pedaqoji kadrlar cəlb edilib. Tədris prosesində sırf spesifik fənlərlə yanaşı, logistika və nəqliyyat sahələri üçün çox vacib olan nəqliyyat hüququ, nəqliyyat ekologiyası, nəqliyyatda sığorta, gömrük işi və s. kimi fənlərin öyrədilməsi bu sahələrdə də mütəxəssis kimi formalaşmağa zəmin yaradır.
BMU-da bu sahədə yüksək keyfiyyətli mütəxəssis hazırlanması üçün yaxşı maddi-texniki baza, elmi-pedaqoji kadrlar, tədris-metodiki imkanlar, şirkətlərlə əlaqə, xüsusilə beynəlxalq əlaqələr var. Azərbaycanda logistika təhsili imkanlarının dəyərləndirilməsi yönündə yüksək ixtisaslı mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlər açılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft-mədən fakültəsinin nəzdində 050658 – “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçirilir.
Azərbaycan Texniki Universitetində Bakalavr pilləsində olan əsas fakultələrdən biri “Nəqliyyat və Logistika”dır ki, burada “Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi” kafedrası fəaliyyət göstərir. Ümumilikdə fakültədə 52 nəfər professor-müəllim heyəti var. Onların 8 nəfəri elmlər doktoru-professor, 37 nəfəri isə elmlər namizədidir. Fakültədə əyani şöbədə 1082, qiyabi şöbədə isə 87 bakalavr təhsil alır. Bakalavr səviyyəsində təhsil Azərbaycan (əsasən) və rus (050623 “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə) dillərində aparılır.
Fakültədə bakalavriat səviyyəsi üzrə 050658 – “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” və 050623 – “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə bakalavrlar təhsil ala bilərlər.
Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr daşınmaları optimizə etməyi, nəqliyyat vasitələrinin hərəkət rejimi və şərtlərini öyrənir, nəqliyyat daşınmalarında marşrutlar üzrə ixtisaslaşırlar. Bu ixtisas üzrə təhsilini başa vuran tələbələr logistika ilə məşğul olan şirkətlərdə, nəqliyyat müəssisələrində, elmi-tədqiqat institutlarında, layihə təşkilatlarında çalışa bilər, yol hərəkəti təhlükəsizliyi mühəndisliyi, dispetçer, dövlət inspektoru və s. kimi fəaliyyət göstərə bilərlər.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda Nəqliyyat Fakültəsində “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrası fəaliyyət göstərir. Burada 050622 “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası olsa da, bu daha dar və texniki profillidir. Bu universitetdə hələ ki 050623 ixtisas şifri üzrə mütəxəssis hazırlığı həyata keçirilmir.
“Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyası logistika ixtisası üzrə uzun illərdir ki, fəaliyyət göstərir. Burada 050623 “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” üzrə də qəbul və hazırlıq aparılır. Bu ixtisas şifri haqqında daha ətraflı məlumat almaq üçün bura klikləyin.
Azərbaycan Texnologiya Universitetində Yüngül sənaye mühəndisliyi və logistika fakultəsi tərkibində Maşın mühəndisliyi və logistika kafedrası fəaliyyət göstərir və bu universitetdə də “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” – 050623 şifrli bakalavr ixtisası üzrə mütəxəssislər hazırlanmaqdadır. Bu universitetdə olan logistika ixtisası barədə burada daha ətraflı öyrənmək mümkündür.
Yeni yaradılmış Beynəlxalq Ticarət və Logistika və Logistika və Nəqliyyat Texnologiyaları Mühəndisliyi ixtisasları haqqında və Azərbaycanda logistika təhsili imkanları haqqında daha ətraflı məlumat almaq üçün ixtisas.az saytından ixtisasın qısa təsviri, iş öhdəlikləri, hansı universitetlərdə təhsil almağın mümkün olduğu və təxmini əmək haqqı barədə maq mümkündür.
Yeniliklərdən xəbərdar olmaq və digər bloq yazılarımızı oxumaq üçün vebsaytımıza keçid edə bilərsiniz.
Air Cargo Azerbaijan
Azure Biznes Mərkəzi, 8 Noyabr prospekti , 11-ci mərtəbə, ofis 63
AZ1025, Xətai, Bakı, Azərbaycan
Tel: +994124886517
Web: www.aircargo.az
Sosial media hesablarımız: